cümə axşamı 5 iyun 2025 - 20:05
İslam dünyası, Qəzzadakı faciələrin qarşısını almaq üçün Həccin dərslərindən faydalanmağa möhtacdır.

Hövzə/ İslam İnqilabının Ali Rəhbəri Həcc ziyarətçilərinə ünvanladığı müraciətində İslam dünyasının Qəzzadakı faciələrin dayandırılması üçün Həccin dərslərindən istifadə etməsinin vacibliyini vurğuladı.

Tehran Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər (cümə axşamı) Ərafat səhrasında Həcc mərasimi zamanı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin müraciəti Höccətül-islam vəl-müslimin Nəvvab (İranın Həcc və Ziyarət İşləri üzrə Ali Rəhbərin nümayəndəsi və iranlı zəvvarların rəhbəri) tərəfindən səsləndirildi. Müraciətin tam mətnini aşağıda təqdim edirik:

Bismillahir-Rəhmanir-Rəhim
Həmd olsun aləmlərin Rəbbi olan Allaha və salavat olsun Allahın xəlqinin ən xeyirlisi olan Məhəmməd Mustafaya (s) və Onun pak Əhli-beytinə, seçilmiş səhabələrinə və qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanlara.

Həcc möminlərin arzusudur, aşiqlərin bayramıdır, səadət sahiblərinin mənəvi ruzisidir. Əgər onun sirli və dərin həqiqətləri dərk edilərsə, bu ibadət təkcə İslam ümmətinin deyil, bütün bəşəriyyətin əsas ağrılarına bir şəfa ola bilər.

Həcc səfəri adi səfərlər kimi deyil; o nə ticarət, nə turizm, nə də başqa dünyəvi məqsədlər üçün edilən bir səyahət deyildir  ki, bəzən içində bir ibadət və ya xeyir işi də yer alsın. Həcc, adət olunmuş həyatdan arzu olunan həyata yəni tövhid əsaslı həyata doğru bir hicrətin məşqidir. Bu həyat, ilahi mərkəz ətrafında daimi təvaf, çətin zirvələr arasında daimi səy, azğın şeytanın daimi daşlanması, zikr və yalvarışla dolu dayanış, düşkün və ehtiyac içində olanlara ehsan, irqin, rəngin, dilin və coğrafiyanın fərq qoyulmadan insanın eyni gözlə görülməsi, hər an xidmətə hazır olmaq, Allaha sığınmaq və haqqın müdafiəsi bayrağını ucaltmaqdan ibarət bir həyatdır. Həccin qaydaları bu həyatın simvolik nümunələrini özündə cəmləyir, zəvvarı bu həyata tanıtdırır və onu bu həyata dəvət edir.

Bu dəvəti eşitmək lazımdır; qəlbi, zahiri və batini gözü açmaq lazımdır; öyrənmək və bu dərsləri həyata keçirmək üçün iradəni möhkəmləndirmək lazımdır. Hər bir kəs öz gücü ölçüsündə bu yolda bir addım ata bilər, lakin alimlər, ziyalılar və siyasi, ictimai mövqeyə sahib olanlar bu işdə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.

İslam dünyası bu gün hər zamankından daha çox Həccin dərslərini həyata keçirməyə möhtacdır. Bu, Qəzza və Qərbi Asiyada baş verən faciələrlə eyni vaxta təsadüf edən ikinci Həcc mövsümüdür. Fələstində hökmranlıq edən sionist cinayətkar dəstə, heyrətamiz qəddarlıq və bənzərsiz vəhşiliklə Qəzzadakı fəlakəti ağlasığmaz bir həddə çatdırmışdır. Bu gün fələstinli uşaqlar artıq təkcə bomba, güllə və raketlə deyil, həm də aclıq və susuzluqla qətlə yetirilirlər. Sevimli övladlarını, gənclərini, atalarını və analarını itirmiş ailələrin sayı hər gün artır. Bəs bu bəşəri faciənin qarşısında kim dayanmalıdır?

Şübhəsiz, ilk növbədə bu vəzifə İslam ölkələrinin hökumətlərinin üzərinə düşür və xalqlar da öz hökumətlərindən bu vəzifənin yerinə yetirilməsini tələb etməlidirlər. Ola bilsin ki, müsəlman ölkələri bir çox məsələlərdə siyasi fikir ayrılığına malikdirlər, lakin bu ixtilaflar onları Qəzzada baş verən bu ağır hadisədə həmrəy olmaqdan və bu günün ən çox əzilmiş insan cəmiyyətini müdafiə etməkdən geri saxlamamalıdır. Müsəlman dövlətlər sionist rejimə yardım edən bütün yolları qətiyyətlə bağlamalı və bu cinayətkar rejimin Qəzzada vəhşi əməllərini davam etdirməsinə mane olmalıdırlar.

Amerika Birləşmiş Ştatları bu cinayətlərin açıq-aşkar ortağıdır. Amerika ilə əlaqədə olan regional və İslam dünyasındakı qüvvələr Qurani Kərimin məzlumların müdafiəsi ilə bağlı çağırışına qulaq verməli və ABŞ-ı bu zalım siyasətlərinə son qoymağa məcbur etməlidirlər. Həcdəki "Bəraət" (küfr və zalımlardan uzaq durmaq) mərasimi bu istiqamətdə bir addımdır.

Qəzza xalqının heyrətamiz müqaviməti, Fələstin məsələsini İslam dünyasının və bütün azadfikirli insanların diqqət mərkəzinə gətirmişdir. Bu fürsətdən istifadə edilməli və bu məzlum xalqa yardım əli uzadılmalıdır. Sionist rejimi və onun tərəfdarlarını dəstəkləyən qüvvələrin Fələstin məsələsini unutdurmaq üçün göstərdikləri səylərə baxmayaraq, bu rejimin rəhbərlərinin şeytani mahiyyəti və axmaq siyasətləri elə bir vəziyyət yaradıb ki, bu gün Fələstinin adı hər zamankından daha parlaq, sionistlərə və onların tərəfdarlarına qarşı ictimai nifrət isə hər zamankından daha güclüdür. Bu isə İslam dünyası üçün böyük və mühüm bir fürsətdir.

Sosial mövqeyə və ictimai tribunaya sahib olan şəxslər, xalqları bu məsələdə məlumatlandırmalı, həssaslaşdırmalı və Fələstinlə bağlı tələbləri daha da genişləndirməlidirlər. Siz, səadətli zəvvarlar da Həcc mərasimlərində dua və Allah-Taaladan kömək istəmə fürsətini əldən verməyin və sionist zalımlar və onların tərəfdarları üzərində qələbə üçün uca Allahdan yardım diləyin.

Allahın salamı olsun İslamın əziz Peyğəmbərinə (s) və onun pak Əhli-beytinə. Həmçinin Allahın salam və bərəkəti  İmam Məhdiyə ( Allah onun zühurunu tezləşdirsin) olsun.

Vəssəlamu əleykum və rəhmətullahi və bərakətuh
Seyid Əli Xamenei
1404/3/9 (2025-ci il, 30 may)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha